Bakıda çövkən üzrə mundialın ilk günü: Azərbaycan millisi uğurlu start aldı

Bu gün Binə Atçılıq Mərkəzində atçılıq idmanının ən populyar növü olan çövkən üzrə ilk dünya çempionatına start verilib. Turnirin açılış oyunu Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilib. Matç Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın kapitanı Elçin Camallı görüşdə dubla imza atıb.

Bu gün eyni məkanda daha üç oyun keçirilib və nəticələr aşağıdakı kimi olub:

  • Mərakeş - Küveyt: 5:0
  • Nigeriya - Almaniya: 5:0
  • Türkiyə - Malta: 5:1

Mundial iştirakçıları iki qrupda mübarizəyə başlayıblar:

  • A qrupu: Azərbaycan, Qazaxıstan, Türkiyə, Malta, Özbəkistan
  • B qrupu: Mərakeş, Küveyt, Nigeriya, Almaniya, Polşa

Çempionat iyunun 16-da üçüncü yer uğrunda oyun və final matçı ilə yekun vurulacaq.

Qaydalar:

  • Qalibiyyətə görə komandaya 3, heç-heçəyə görə 1 xal verilir.
  • Oyunlar hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarətdir.
  • Hissələr arasında 10 dəqiqə fasilə olur.
  • Komandaların meydana çıxan heyəti 4 nəfərdən ibarətdir (iki hücumçu, bir yarımmüdafiəçi və bir müdafiəçi).
Müəllif: Bəhruz MƏMMƏDOV