Rzayev Avropa ikincisi oldu

ESTAFET/ Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Tural Əhmədov (60 kq) təsəlliverici görüşdə yunanıstanlı İlias Zairakisə heç bir şans tanımayıb – 12:0. Həmyerlimiz həlledici qarşılaşmada ukraynalı Boqdan Xrişinə 3:1 hesabıyla qalib gələrək Avropa üçüncüsü olub.

Fəraim Mustafayev (67 kq) təsəlliverici görüşlərdə rumıniyalı İosif Yonesku (11:3) və belaruslu Vyaçeslav Jelayevə (10:1) tam üstünlüklə (10:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Rati Xozrevanidzeylə bacarmayıb – 0:11.

Ruslan Nurullayev (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 4:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. Bu il böyüklər arasında Avropa çempionu olmuş Berberə müqavimət göstərmək mümkün olmayıb – 0:8. Rzayev qitə birinciliyini gümüş medalla başa vurub.

Müəllif: Natiq NƏSİROV