DÇ-2017: ORXAN DÜNYA İKİNCİSİ OLDU
ESTAFET/ Bu gündən Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Dünya çempionatı start götürüb. Azərbaycan yığması mundialda ən güclü heyəti ilə təmsil olunur.
Yığma komandamızın heyətində 17 cüdoçu yer alıb. Kişilərdə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınlarda isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (48 kq), Nəzakət Əzizova, Buyanxişiq Purevsuren (52 kq), Səkinə Zayirova, İçinxorlu Munxstedev (57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kinderska (+78 kq).
İlk gün mübarizəyə qoşulan Orxan Səfərov (66 kq) ardıcıl olaraq bolqar Yanislav Qraçev, portuqal Qonsalo Mansinyo və qazax Yeldoş Smetovu ipponla məğlub edərək yarımfinala çıxıb. Burada Orxanın rəqibi özbək cüdoçu Diyorbek Urozboyev idi. Özbək cüdoçu da Orxanın ipponundan yaxa qurtara bilməyib və cüdoçumuz finalda yapon Naohisa Takato ilə qarşılaşıb. Təəssüf ki, burada Orxan özü ippondan xilas ola bilməyib və mundialı gümüş medalla başa vurub.
Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində tatamiyə çıxan hər iki cüdoçumuz ilk görüşlərindən məğlub olaraq mundialı tərk ediblər. Leyla Əliyeva yapon Funa Tonaki ilə, millişən legioner Bazarraqça Erdenabat isə rumın Aleksandra Pop ilə bacarmayıblar.