İKİNCİ GÜN CÜDOÇULARIMIZ ÜÇÜN UĞURSUZ OLDU: DÇ-2017
ESTAFET/ Xəbər verdiyimiz kimi, Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Dünya çempionatı davam edir. Azərbaycan yığması mundialda ən güclü heyəti ilə təmsil olunur.
 
 
Bu gün yarışlarda ikinci gün idi və 3 təmsilçimiz tatamiyə çıxıb. Qadınların 52 kq çəki dərəcəsindəki mübarizədə milliləşdirilən legioner Buyanxişiq Purevsuren ilk görüşündə güclü rus cüdoçu Nataliya Kuzyutina ilə qarşılaşıb və tatmini məğlub tərk edib.
 
Bu çəkidəki digər təmsilçimiz Nəzakət Əzizova isə ilk görüşündən qələbə ilə ayrılmağı bacarıb. Mərakeş cüdoçusu İkram Sukate təmsilçimizin ipponundan qurtula bilməyib. 1/16 final mərhələsində Nəzakət Kosova təmsilçisi Distria Krasniqi ilə qarşılaşıb. Bu dəfə özü boğucu fənddən qaça bilməyib və mübarizəni dayandırıb.  
 

Günün bizim üçün sürpriz nəticəsi kişilərin 66 kq çəkidəki mübarizəsində yaşanıb. Belə ki, medal ümidlərimizdən olan Nicat Şıxəlizadə üstün olduğu görüşdə gözlənilmədən hakimlərin anlaşılmaz qərarları ilə xəbərdarlıqla qazax cüdoçu Yeldoş Jumaxanova məğlub olub və mundialla erkən vidalaşıb.