Rəhman Hətəmov - ilk dünya çempionundan Federasiya vitse-prezidentinə uzanan yolda uğurlar
Bu gün Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, 7-ci dan qara kəmər sahibi, Azərbaycanda karate idman növünün inkişafına böyük tövhələr vermiş və verməkdə olan Rəhman Süleyman oğlu Hətəmovun 50 yaşı tamam olur.
Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür.
1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır.
2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həm də komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi.
2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur.
2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.
2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında komandanın qalibiyyəti haqqında Rəhman Hətəmov qeyd etmişdir: “Çempionat nəticəsində əldə etdiyimiz nailiyyətlər - 2 qızıl və 1 bürünc medal göstərdi ki, Azərbaycan karatesi Avropada ən güclü karate məktəblərindəndir. Qadınlardan ibarət komandamızın çempion olmağı, kata kimi indiyədək bizim üçün uğursuz olan karate növündə 17 yaşlı Roman Heydərovun bürünc medal qazanması və ümumi hesabda üçüncü yer tutmağımız karatemizin inkişafının göz qabağında olmasından xəbər verir”.
Məşqçilik dövründə dəfələrlə Dünya və Avropa çempionatlarındə qazanılan uğurlar nəticəsində Rəhman Hətəmov fəxri adlarla:
2001-ci ildə Avropa çempionatında göstərdiyi nəticələrə görə — "Əməkdar idman ustası";
2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında ilk dəfə olaraq yığma komandamız komanda yarışlarının qalibi — “Əməkdar məşqçi”;
2014-cü ildə ilk dəfə yığma komandamız Avropa çempionu — “Əməkdar İdman və Bədən tərbiyəsi xadimi”;
2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında uğurlu çıxışı zamanı — “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Rəhman Hətəmov 2022-ci ildən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.