İSPANİYANI YERLƏ BİR EDƏN SLOVENİYA İLK FİNALÇI OLDU
ESTAFET/ İstanbul (Türkiyə), Helsinki (Finlandiya), Kluj-Napoka (Rumıniya) və Tel-Əviv (İsrail) şəhərlərində keçirilən kişilər arasında basketbol üzrə Avropa çempionatı (Eurobasket) yekunlaşmaq üzrədi. Artıq çempionatda yarımfinal qarşılaşmaları keçirilir.
İstanbulun Sinan Erdem idman Salonunda keçirilən ilk yarımfinal qarşılaşmasında son qitə çempionu İspaniya Sloveniya yığması ilə qarşılaşırdı. Gözlənilənin əksinə, Sloveniya millisi rəqibin titullarından və heyətindəki dünya ulduzlarından çəkinməyərək ilk dəqiqələrdən üstün oyun nümayiş etdirməyə başladı. Bunun məntiqi nəticəsi kimi, 1-ci periodu 25:19 hesablı üstünlüklə bitirdi. 2-ci periodda ispanlar dönüş etməyə çalışsalar da, slovenlər rəqibin hər hücümünu cavablamağı bacarırdılar. Sloveniya fasiləyə 49:45 hesabı ilə öndə yollandı. Fasilədən sonra isə parketdə demək olar ki, ancaq 1 komanda var idi - Sloveniya. Son 2 periodu da üstün olan (24:12, 19:15) Kokoskovun yetirmələri İspaniyanı böyük hesabla məğlub etməyi bacardılar - 92:72.
İspaniyanın heyətində Po Qasol 16, Rubio 13, Mark Qasol 12 xal, Sloveniyada isə Randolfla Draqiç 15, Prepeliç 13, Vidmar isə 12 xalla ən məhsuldar oyunçular olublar.
Finalda Sloveniyanın rəqibi bu gün saat 22:30-da İstanbulun Sinan Erdem idman Salonunda keçiriləcək Rusiya - Serbiya qarşılaşmasından sonra bilinəcək.