Cüdoçularımız Bakı Böyük Dəbilqənin ilk günündə iki bürünc medal qazandı

Fevralın 14-də Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.

İlk yarış günündə qadınlar və kişilər arasında 5 çəki dərəcəsində qaliblər bəlli olub. Kişilər arasında -60 kq çəkidə Əhməd Yusifov bürünc medal uğrunda ukraynalı cüdoçu Dilşot Xalmatovla qarşılaşıb. Rəqibinin üç şido alaraq uduzması Yusifova bürünc medal gətirib. Eyni çəkidə yarışan Balabəy Ağayev isə günü 5-ci yerlə tamamlayıb.

-66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Azizbek Ortikovla üz-üzə gəlib. Ortikovun üç şido ilə məğlub olması Əsədova bürünc medal qazandırıb.

Qadınlar arasında -57 kq. çəkidə Fidan Əlizadə 7-ci yerdə qərarlaşıb.

Yarış "Azercell Telecom" MMC-nin baş sponsorluğu və "Azman Holding"in dəstəyi ilə keçirilir.

Müəllif: Natiq NƏSİROV