Azərbaycan taekvondoçularından “Turkish Open”də medal yağışı!

Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) Azərbaycan milli komandası növbəti uğura imza atıb.

Gənc oğlanlar arasında çıxış edən təmsilçilərimizdən Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, dünən gənc qızlar arasında mübarizə aparan taekvondoçumuz Humay Dadaşova (46 kq) da bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı.

Azərbaycan taekvondoçularının bu uğuru milli komandamızın beynəlxalq arenada güclü mövqeyini bir daha təsdiqləyir.

Müəllif: Bəhruz MƏMMƏDOV