“MOK yeni fəaliyyət dövrünə başlayır”: Çingiz Hüseynzadə

ESTAFET/ Bu gün Milli Olimpiya Komitəsinin (MOK) IX hesabat-seçki Baş Məclisi keçirildi. Baş Məclisdə Milli Olimpiya Komitəsinin prezidenti, eyni zamanda MOK-un və İcraiyyə Komitəsinin yeni üzvləri seçildi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra jurnalistlərə müsahibə verib.
“Baş Məclisdə cənab İlham Əliyev yekdilliklə yenidən MOK-un prezidenti seçildi. Tədbirdə həmçinin MOK-un hesabat məruzəsi dinlənildi. Azərbaycan Milli Olimpiya Komitəsi yeni fəaliyyət dövrünə başlayır. Əminik ki, Milli Olimpiya Komitəsi cənab Prezidentin rəhbərliyi altında öz fəaliyyətini davam etdirəcək və Azərbaycan idmanı yeni uğurlar əldə edəcək. Bu gün həmçinin MOK-un İcraiyyə Komitəsində seçkilər oldu, Baş katib və vitse-prezidentlər seçildi. İclasda 2024-2028-ci illər üçün Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqələrimizin planını təsdiq etdik. Eyni zamanda “Təhlükəsiz İdman” proqramını Azərbaycanda inkişaf etdirmək üçün yeni plan təsdiqləndi. Gələcəkdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Biz ilk növbədə Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri ilə əlaqəli şəkildə işləməyə çalışırıq. Bizim bu istiqamətdə apardığımız fəaliyyət Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq nüfuzuna müsbət təsir edir”, - deyə Çingiz Hüseynzadə bildirib.
O, deyib ki, iclasda MOK-un növbəti 4 il müddətinə planları müəyyənləşdirilib: “Təbii ki, əsas hədəfimiz Olimpiya Oyunları, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf etdirilməsidir. Ona görə də əsas vəzifəmiz 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasına hazırlıqdan ibarətdir. İnanırıq ki, bu oyunlar bizim üçün daha uğurlu olacaq. Çalışacağıq ki, böyük komanda şəklində dördilliyin ən mötəbər turnirində iştirak edək. Təbii ki, bu, federasiyalarla birgə fəaliyyət nəticəsində reallaşa bilər. Ümid edirəm ki, MOK və milli federasiyalar sıx əməkdaşlıq şəraitində işləyəcəklər, Azərbaycan idmanında yeni uğurların əldə edilməsinə nail olacaqlar. İnanıram ki, bundan sonra da Milli Olimpiya Komitəsi fəaliyyətini yüksək səviyyədə davam etdirəcək və Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında idmanda yeni uğurlar qazanacağıq”.
