Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

ESTAFET/ Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatının əsas mərhələsində iştirak edib.

Voleybol Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan və Litva 1, Estoniya 2, Latviya isə 12 komanda ilə mübarizə aparıb. Yarış qrup və play-off mərhələsindən ibarət olub. Azərbaycan açıq çempionatda gənc voleybolçular - Məhəmməd Aslanlı və İbrahim Məmmədov cütü ilə təmsil olunub. Bütün rəqiblərinə qalib gələn təmsilçilərimiz yalnız final matçında ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq, yarışın gümüş medallarını qazanıblar.

Qeyd edək ki, milli komanda latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV