Azərbaycan Karate Federasiyası Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirdi

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib.
Tədbirində AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, hüquq və intizam komitəsinin sədri Həmdiyyə Məmmədov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, məşqçi-müəllimlər, idmançılar və digər qonaqlar iştirak edib.
Tədbirdə ilk olaraq Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova çıxış etdi. Bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da daun sindromu daşıyıcısı olan yüzlərlə insan var: “Həm onlar, həm də onların valideynləri bir çox problemlərlə qarşılaşırlar. Bu isə əsasən cəmiyyətimizdə daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəlir”.
Daha sonra AKF -in vitse-prezidenti Rəhman Hətəmov çıxış edib. O, bildirdi ki, tədbirin keçirilməsində məqsəd ilk növbədə Daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və Daun sindromlu uşaqların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir:
“Bu gün ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu gün isə biz onların görüşünə gəlmişik. Ümid edirik ki, bu görüş davamlı olar”.
Daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə inteqrasiyası həm onların, həm də cəmiyyətin inkişafı üçün çox vacibdir. Bu, onların sosial bacarıqlarını, özünə inamını və fiziki sağlamlığını gücləndirməklə yanaşı, cəmiyyətin də inklüzivliyini və tolerantlığını artırır.
Daun sindromlu şəxslər üçün idman fiziki sağlamlıq, motor bacarıqları və koordinasiya baxımından böyük fayda verir. Karate idman növü onların fiziki inkişafına müsbət təsir göstərir. Paralimpiya və parakarate kimi yarışlar onların bacarıqlarını göstərmək üçün ideal platformalardır. İdmanla məşğul olmaq həmçinin onların özgüvənini artırır və sosiallaşmanı dəstəkləyir.
AKF -in üzvləri arasında da daun sindromlu idmançılar var. Və onlar bir çox çempionat və birincilikdə böyük nəticələr əldə ediblər.
Azərbaycan Karate Federasiyası olaraq, bir daha qeyd etmək istərdik ki, daun sindromlu şəxslərin karate ilə məşğul olması həm fiziki, həm də psixoloji baxımdan çox faydalıdır. Karate yalnız bir döyüş sənəti deyil, həm də intizam, özünə nəzarət, koordinasiya və əzmkarlıq tələb edən bir məşq sistemidir. Daun sindromlu şəxslər üçün bu xüsusiyyətlərin inkişafı onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə federasiyanın sosial layihələrə dəstək verdiyini və gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb, belə layihələrin həyata keçirilməsində dəstək olan “VAVA CONSTRUCTOR” şirkətinin rəhbəri Fərid İsmayılova təşəkkür edib.
Rəsmi çıxışlardan sonra mərkəzin uşaqları tərəfindən oyunlar nümayiş olundu. Eyni zamanda proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar təşkil olunmaqla yanaşı, idmançılarımızla mərkəzdə təhsil alan uşaqların karate üzrə nümunəvi çıxışları göstərildi.
