Qəbələ şəhərində idman paradı keçirilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür. Bu münasibətlə bu gün ölkəmizin “İdman Paytaxtı” Qəbələ şəhərində idman paradı keçirilib.

Paraddan öncə Gənclər və İdman Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi, eləcə də idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Qəbələ Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub.

Daha sonra idman paradına start verilib. Şəhərin mərkəzindən idman ictimaiyyətinin iştirakı ilə start götürən yürüş, “ASAN xidmət” binasının önündə paradla davam edib. İdman federasiyaları, idman qurğuları, gənc və veteran idmançılar, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri, idman məktəbləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər.

Tədbirin rəsmi hissəsində Dövlət Himnimiz səsləndirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib. Konsertdə Murad Arifin ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV