Rəşad Rəsullu: “Cüdonun regionlarda kütləviləşməsi əsas hədəfimizdir”

Azərbaycan üçüncü dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək. Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 3-4 mayda Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, ölkəmiz cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə edib: “Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır”.

Qeyd edək ki, turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.

Müəllif: Natiq NƏSİROV