Ruslan Nurullayev U23 Avropa çempionatının finalında

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Hüseyn Qəribov (60 kq) 1/8 finalda türkiyəli Mert İlbarsa 4:6 hesabıyla məğlub olub.

Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Hainzelbekker üzərində inamlı qələbə (6:0) qazansa da, 1/4 finalda rusiyalı Daniyal Ağayevə uduzub – 1:5.

Ruslan Nurullayev (72 kq) startda bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:1. Nurullayev daha sonra litvalı Rokas Çepauskası üstələyib – 3:1. Ruslan yarımfinalda isə ukraynalı Oleq Xəlilovdan güclü olub – 4:2. Həmyerlimiz sabah finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşacaq.

Elmin Əliyev (82 kq) 1/8 finalda macarıstanlı Dominik Botosu (5:2), 1/4 finalda isə isveçli Aleksander Yohanssonu (6:5) mübarizədən kənarlaşdırıb. Elmin finalın bir addımlığında moldovalı Aleksandru Soloveylə bacarmayıb – 0:8. Əliyev sabah bürünc medal medal uğrunda İbrahim Tabayev (Belçika) – Conni Sarkkinen (Finlandiya) görüşünün qalibiylə güləşəcək.

Aqil Musayev (97 kq) 1/8 finalda ermənistanlı Harutyun Kirakosyana “tuş”la uduzub.

Müəllif: Natiq NƏSİROV