Azərbaycan taekvondoçuları “Belgian Open” turnirində 6 medal qazandı

Belçikanın Lommel şəhərində keçirilən “Belgian Open” beynəlxalq taekvondo turnirində Azərbaycan milli komandası uğurla çıxış edib. Təmsilçilərimiz yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

54 kq çəki dərəcəsində mübarizə aparan Bəhruz Quluzadə bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. 63 kq çəki dərəcəsində çıxış edən Qaşim Maqomedov gümüş medala layiq görülüb.

Digər idmançılarımızdan Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medalla kifayətləniblər.

Bu nəticə ilə milli komandamız beynəlxalq turnirdə uğurlu çıxışını təsdiqləyib.

Müəllif: Bəhruz MƏMMƏDOV