Avropa çempionatının son hazırlığına start verilib

Güləş üzrə milli komandalar Avropa çempionatına hazırlığı davam etdirir.

Sərbəst güləş üzrə yığmamız geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.

Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaqsa, yunan-Roma güləşçilərimizin toplanışı bu gün başlayıb. “Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

Müəllif: Natiq NƏSİROV