"GÜCÜMÜZ HƏDƏFƏ ÇATMAĞA İMKAN VERİR" - VALERİYA MƏMMƏDOVA
ESTAFET/ "Avropa çempionatında medal qazanacağımıza inanıram" - deyə voleybol üzrə Azərbaycan yığma komandasının ən təcrübəli oyunçularından biri, voleybolsevərlərin sevimlisi Valeriya Məmmədova bildirib.
Valeriya ölkəmizdə keçiriləcək Avropa çempionatı və ümumi hazırlıq haqda fikirlərini bölüşüb: "Ölkə xaricində baş tutan təlim-məşq toplanışı müddətində 6-7 oyuna çıxdıq. İlk oyunlarda uduzurduq. Çünki həmin dövrə fiziki çalışmalar təsadüf edirdi. Komanda isə yenicə yığışmışdı. Lakin İtaliyada komandamız böyük oyun təcrübəsi toplamağa başladı. Bu üzdən indi kifayət qədər forma yığmışıq. İtaliya, Xorvatiya və Belarus yığmaları tezliklə Bakıya gələcəklər. Burda oyunlar keçiriləcək. Fikrimcə, Avropa çempionatında biz ən yüksək formada olacaq və maksimum nəticə üçün oynayacağıq. Qarşıdakı yoxlama oyunlarının bizdə yorğunluq yaradacağını düşünmürəm. Əksinə, bizə hazırlıq üçün oyunlar keçirmək lazımdı. Çünki məşq ayrı, oyun isə tam ayrıdı. Oyunlar keçirməklə özünü təkcə peşəkar səviyyədə yox, həm də fiziki və mənəvi cəhətdən hazırlayırsan. Yarış vaxtı isə meydanda ağılla hərəkət edirsən. Amma məşqlərdə bunlar görünmür.
Məncə, çox yaxşı qrupa düşmüşük. Biz rəqiblərimizə qalib gələrək, qrup birincisi olmalıyıq. Gücümüz bu hədəfə çatmağa imkan verir. Növbəti mərhələyə lider kimi çıxmalıyıq. Hələ ki qrupdakı rəqiblərimizi təhlil etməmişik. Amma tədricən "Qran-pri" və başqa turnirlərdə çıxış edən rəqiblərin oyunlarıyla tanış oluruq. Bütün oyunçuları praktiki olaraq tanıyırıq. Bu üzdən hələlik bu istiqamətdə hazırlıq getməyib. Hazırda öz səhvlərimizi analiz edirik. Çempionat ərəfəsində qrupdakı rəqiblərimizlə tanış olacağıq. Hələlik formamızın pik həddində olduğumuzu deməzdim. Xorvatiya və İtaliya da hələ ki forma yığır. Optimal formaya düşmək üçün çalışırıq. Avropa çempionatında medal qazanacağımıza inanıram".