SERBLƏR TƏŞKİLATÇILIQDAN AĞIZDOLUSU DANIŞDILAR
ESTAFET/ Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının iştirakçılarından olan Serbiya tığmasının baş məşqçisi və kapitanı təşkilatçılıq və çempionat haqda fikirlərini bildiriblər.
Zoran Terziç, Serbiya yığmasının baş məşqçisi: "Azərbaycan adətən beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir. Bura uzun səfər etmişik. Mehmanxana və oyunların keçiriləcəyi zalda yüksək şərait yaradılıb. Son Olimpiadada oynamış Serbiya ilə indiki komanda arasında çox böyük fərq var. Zədələrə görə heyətdə əsaslı dəyişiklik etmişik. Rasiç özü də hələ zədədən sonra tam bərpa olunmayıb. Amma Serbiya istənilən halda, güclü komandadır. Rio-2016-dakı motivasiya ilə burda oynayacağıq və uğur qazanmağa çalışacağıq".
Milena Rasiç, Serbiya yığmasının kapitanı: "Azərbaycan hər zaman təşkilatçılıq bacarığını nümayiş etdirir. Dünən Göygöl Olimpiya İdman Kompleksində ilk məşqimizi də keçdik. Hər şey yüksək səviyyədədir. Azərbaycan təşkilatçılıq məsələlərinə çox həssas yanaşır. Ümid edirik ki, yarışın sonunadək belə davam edəcək. Burda havaların isti keçməsi bizim üçün elə də problem yaratmır. Serbiya və Azərbaycan iqlimi arasında böyük fərq olduğunu düşünmürəm".