Bakıda keçirilən “Qran Pri” Bakı 2025 beynəlxalq karate turnirinə yekun vuruldu

4-6 aprel tarixlərində Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi etdi. Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə reallaşan “Qran Pri” Bakı 2025 beynəlxalq karate turniri uğurla başa çatdı. Yarış ölkəmizin karate idman növü üzrə beynəlxalq arenadakı nüfuzunun artmasına və idmançılarımızın peşəkar təcrübəsinin zənginləşməsinə mühüm töhfə verdi.

Turnirin ilk günü baş tutan təntənəli açılış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək iştirakçıları, qonaqları və azarkeşləri səmimi şəkildə salamladı. O, çıxışında Azərbaycanın idman ölkəsi olduğunu vurğulayaraq, ölkəmizdə karate idman növünün sürətlə inkişaf etdiyini və bu kimi beynəlxalq yarışların təşkilinin bu inkişafın bariz nümunəsi olduğunu qeyd etdi.

Açılış mərasimi çərçivəsində karatenin Azərbaycanda inkişafında xüsusi xidmətləri olmuş bir sıra idman mütəxəssisləri, məşqçilər və veteran karateçilər xüsusi diplom və plaketlərlə təltif olundular. Bu jest tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı və federasiyanın idmana göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirildi.

Turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak etdi. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olundu. Müxtəlif ölkələrdən gəlmiş idmançılar arasında gərgin və maraqlı qarşılaşmalar baş tutdu. Bütün döyüşlər beynəlxalq standartlara uyğun şəkildə, peşəkar hakim heyəti tərəfindən idarə olundu.

Yarışın sonunda ümumi nəticələrə əsasən, Azərbaycan komandası medal sıralamasında birinci yerə yüksəldi. Yerli idmançılarımız yüksək peşəkarlıq nümayiş etdirərək həm fərdi, həm də komanda şəklində uğurlu çıxışlar etdilər. Qazaxıstan komandası ikinci, Türkiyə komandası isə üçüncü yerə layiq görüldü.

“Qran Pri” Bakı 2025 turniri idmançılar üçün həm rəqabət, həm də dostluq və təcrübə mübadiləsi baxımından dəyərli bir platformaya çevrildi. Eyni zamanda bu turnir bir daha göstərdi ki, Azərbaycan karate idman növü üzrə regionda liderliyini qoruyur və bu sahədə beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir.

Müəllif: Bəhruz MƏMMƏDOV