Çempion Bakı məktəbliləri

Paytaxt məktəbliləri beynəlxalq idman yarışlarında çempion adına layiq görülüblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 153 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xədicə Mürsəlova İtaliyanın Lignano Sabbiadoro şəhərində 14-15 yaşlı yeniyetmələr arasında keçirilən Şotokan katare-do üzrə Avropa çempionatında birincilik əldə edib. 4 döyüşdə qalib gələrək finalda rumıniyalı rəqibini məğlub edən X.Mürsəlova birinci yerə layiq görülərək Azərbaycan bayrağını ucaldıb.
Bu, Xədicənin ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Ötən il Serbiyada 14-15 yaşlılar arasında keçirilən karate üzrə Dünya çempionatında I yerə layiq görülüb.
Paytaxtdakı 32 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zəhra Salmanlı isə Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton üzrə yarışda ən yüksək pilləyə layiq görülüb. İki mərhələnin qalibi olan Z.Salmanlı final raundunda beninli idmançını üstələyərək qızıl medalın sahibi olub.
Məktəbli idmançıları təbrik edir, onlara sonsuz mübarizə əzmi və daha parlaq qələbələr arzulayırıq.
