Slovakiyadan altı medalla dönən millimiz Vətəndə coşqu ilə qarşılandı

Slovakiyada keçirilən Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Azərbaycan sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Uğurlu çıxışla Vətənə dönən yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə qarşılanıb.
Milli komandanın baş məşqçisi Xetaq Qazyumov çempionatla bağlı fikirlərini bölüşüb:
“Avropa çempionatına ciddi hazırlaşmışdıq. Rusiya və Azərbaycanda üç təlim-məşq toplanışı keçdik. Bu nəticə təsadüfi deyil. Baxmayaraq ki, komanda çempion oldu, medal sayına və keyfiyyətinə görə daha yüksək nəticə gözləyirdik. Osman Nurmaqomedovdan da çempionluq umurduq. Zəif çıxış edən idmançılarımız oldu, amma bu səhvlər üzərində işləyəcəyik və gələcək yarışlarda daha yaxşı nəticələrə imza atacağıq”.
Debüt etdiyi böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Ağanəzər Novruzov isə təvazökar şəkildə çıxışını belə dəyərləndirib:
“Şükürlər olsun ki, medal qazandım. Lakin səhvlərim çox idi, üzərində işləməliyəm. Həm təcrübəsizlik, həm də bəzi səhvlər yarımfinalda məğlub olmağıma səbəb oldu. Məşqçilər hansı yarışlarda iştirak etməyimi məsləhət bilsə, orada çıxış edəcəyəm. Qələbəmi bütün sevdiyim insanlara həsr edirəm”.
Xatırladaq ki, Slovakiyada baş tutan Avropa çempionatında Azərbaycan sərbəst güləşçilərindən Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (74 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıblar.
