192 kilometrlik iradə yolu sona çatdı - Ultramarafonda qaliblər müəyyənləşdi

Aprelin 13-də Xankəndi ultramarafonuna yekun vurulub. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın sonuncu günü atletlər Ağdamdan Xankəndiyə 28 km məsafə qət ediblər.

Xankəndidə yekunlaşan dördüncü mərhələdə kişilər arasında finişə ilk çatan Ömər Alkanoğlu (Türkiyə) olub. Üzeyir Söylemez (Türkiyə) ikinci, Giorgi Lomidze (Gürcüstan) üçüncü olublar. Qadınlar arasında Hasibə Demir (Türkiyə) günün qalibi olub. Olena Şevçenko (Ukrayna) və Leyla Abidinova (Azərbaycan) müvafiq olaraq 2-3-cü olublar.

Bu gün ultramarafonun ümumi qalibləri də məlum olub. Kişilər arasında Üzeyir Söylemez (Türkiyə) ultramarafonun qalibi olub. Ömər Alkanoğlu (Türkiyə) ikinci, Giorgi Lomidze (Gürcüstan) üçüncü yeri tutublar. Qadınlar arasında isə Olena Şevçenko (Ukrayna), Hasibə Demir (Türkiyə) və Maria Kolpakova (Rusiya) fərqləniblər.

Qaliblərə mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.

Mükafatlandırma mərasimi Mərdan Bandın ifasında konsert proqramı ilə davam edib.

Müəllif: Bəhruz MƏMMƏDOV