Bakıda koşiki karate üzrə “Baku Open” beynəlxalq turniri başa çatıb

12-13 aprel tarixlərində Bakı şəhərində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, “Koşiki Karate” İB təşkilatçılığı ilə koşiki karate üzrə “Baku Open” beynəlxalq turniri keçirilib.

Turnirdə Azərbaycan, Rusiya və Özbəkistandan olan 200-ə yaxın idmançı iştirak edib. Müxtəlif yaş və çəki dərəcələrində baş tutan yarışlarda karateçilər arasında gərgin və maraqlı döyüşlər izlənilib.

Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca çıxış edən rəsmilər turnirin əhəmiyyətindən, idmanın gənclər arasında rolu və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıblar.

Açılış mərasimində Azərbaycan Karate Federasiyasının rəhbərliyi, idman ictimaiyyətinin tanınmış simaları, məşqçilər və qonaqlar iştirak ediblər. Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.

Turnirin sonunda bir sıra kateqoriyalar üzrə fərqlənmiş idmançılara diplom, medal və kuboklar təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV