Qadın voleybolçuların Yüksək Liqasında bürünc mükafatçı bəlli olub

Bu gün GİN-in Voleybol Mərkəzində üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları arasında ikinci oyun keçirilib. Oyuna daha yaxşı başlayan “Gəncə” 2:0 hesabı ilə irəli keçib. Lakin “Milli Aviasiya Akademiyası” təşəbbüsü ələ alaraq ardıcıl iki seti aktivinə yazdırıb və ümumi hesabı bərabərləşdirib - 2:2. Gərgin keçən mübarizədə tay-breykdə də qalib gələn “Milli Aviasiya Akademiyası” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Beləliklə, hər iki oyunda qələbə qazanan “Milli Aviasiya Akademiyası” Azərbaycan çempionatının bürünc medalına sahib çıxıb. “Gəncə” klubu isə Yüksək Liqanı dördüncü yerdə başa vurub.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası”nın oyunçularına medallar final günü baş tutacaq mükafatlandırma mərasimində təqdim ediləcək.

Yüksək Liqa
Üçüncü yer uğrunda (İkinci oyun)
20 aprel

“Milli Aviasiya Akademiyası” - “Gəncə” 3:2 (25:27, 17:25, 25:14, 25:21, 15:12)

Müəllif: Bəhruz MƏMMƏDOV