Bakıda beynəlxalq kapoeyra seminarı keçirildi

Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Braziliya səfirliyinin dəstəyi ilə Bakıda beynəlxalq kapoeyra seminarı təşkil olunub. Tədbirdə Finlandiya və Türkiyədən dəvət olunmuş kapoeyra ustadları xüsusi proqramla çıxış ediblər və iştirakçılara yeni kəmər dərəcələri təqdim olunub.

Seminarda ümumilikdə 300-ə yaxın idmançı iştirak edib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Malta, Türkiyə və Rusiyadan gəlmiş kapoeyraçılar da yer alıblar. Tədbir kapoeyranın ölkəmizdə və bölgədə inkişafı, beynəlxalq əlaqələrin gücləndirilməsi və gənclərin sağlam həyat tərzinə təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.

Seminarın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV