Bakıda “Çempionların savaşı” sona çatdı - Azərbaycan şahmatçıları qalib oldu

Bakıda keçirilən və böyük marağa səbəb olan “Çempionların savaşı” şahmat turnirinə yekun vurulub.

innews.media Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, yarışda kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov, FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan), qadınlar arasında isə ölkə çempionu Günay Məmmədzadə, dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə qarşılaşıb.

Turnir rapid və blits mərhələlərindən ibarət olub. Hər iki kateqoriyada ümumi nəticəyə əsasən Azərbaycan təmsilçiləri qalib gəlib:

Rauf Məmmədov – Rüstəm Kasımcanov
• Rapid: 8:4
• Blits: 4:6
• Yekun: 12:10

Günay Məmmədzadə – Antoaneta Stefanova
• Rapid: 7:5
• Blits: 5:5
• Yekun: 12:10

Turnirin nəticələri Azərbaycan şahmatının yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. İki fərqli formatda dünya səviyyəli rəqiblərlə mübarizədə əldə edilən bu uğur, yerli şahmatçıların beynəlxalq arenadakı rəqabət gücünü nümayiş etdirdi.

Müəllif: Natiq NƏSİROV