AMADA atıcılıq idmançıları üçün antidopinq seminarı keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkədə dopinqə qarşı mübarizənin gücləndirilməsi və idmançılar arasında maarifləndirmənin artırılması məqsədilə fəaliyyətini davam etdirir. Bu istiqamətdə növbəti addım kimi Azərbaycan Atıcılıq Federasiyasının (AAF) idmançıları və onların köməkçi heyəti üçün antidopinq seminarı keçirilib.
Seminarın əsas məqsədi idmançılara, onların məşqçi və tibbi heyətinə antidopinq qaydaları, idmançıların hüquq və vəzifələr, dopinqə qarşı mübarizə strategiyaları barədə ətraflı məlumat vermək olub.
Tədbir zamanı iştirakçılara qadağan edilmiş maddələr və metodlar, test prosesləri, idmançının məsuliyyəti və nəticələrin idarə olunması barədə məlumat təqdim olunub. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya səhvən qadağan edilmiş maddələr qəbul edə bilirlər. Bu səbəbdən, hər bir idmançı istifadə etdiyi dərmanın tərkibini diqqətlə araşdırmalıdır.
Seminar interaktiv formatda keçirilib və iştirakçıların antidopinqlə bağlı sualları cavablandırılıb.
