III Dövlət Qurumu Minifutbol Turnirində həyəcanlı yarımfinal oyunları keçirildi

Mayın 3-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin yarımfinal oyunları keçirilib.

Yarımfinalın ilk qarşılaşmasında Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyi üz-üzə gəlib. Görüş Ədliyyə Nazirliyinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər yarımfinal oyununda isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzərində 3:2 hesablı qələbə qazanıb.

Turnirə mayın 6-da Bakı Tennis Akademiyasında yekun vurulacaq. Üçüncü yer uğrunda qarşılaşmada Daxili İşlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üz-üzə gələcək. Finalda isə Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşılaşacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV