Qubada Avropa Kubokuna uğurlu start: Azərbaycan cüdoçularından 12 medal

Mayın 3-də Qubada start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun ilk günü yekunlaşıb. Yarışın ilk mərhələsində 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçiləri ilk gündə ümumilikdə 12 medal qazanıblar – 3 qızıl, 3 gümüş və 6 bürünc.

Oğlanlar arasında Anar Quliyev (-50 kq) və Zeyd Ələsgərov (-60 kq), qızların yarışında isə Nuranə Hacızadə (-48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olublar.

Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq) və Leyla Ələkbərova (-48 kq) gümüş medalla kifayətləniblər.

İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah yekunlaşacaq Avropa Kubokunda Azərbaycan 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur.

Müəllif: Natiq NƏSİROV