RÜSTƏM AVROPANI YENİ REKORDLA FƏTH ETDİ: YAÇ-2017

ESTAFET/ Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. 

 

Bu gün günorta seansında təmsilçilərimizdən ikisi - Murad Əliyev və Rüstəm Qasımov körpücük üzərinə çıxıblar. Onların hər ikisi 15 yaşlı atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.

 

Murad Əliyev birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğursuz başa vuraraq bu hərəkəti sıfır nəticə ilə bitirdi.

 

O, təkanla qaldırma hərəkətində 105 kq-ı ram etməyi bacardı və bu hərəkətdə 9-cu oldu.

 

Rüstəm Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq, 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı oldu. Üstəlik, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacardı.

 

Rüstəm təkanla qaldırma hərəkətində də möhtəşəm çıxış etdi. Qasımov növbə ilə 112, 118 və 121 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropada hamıdan yaxşı olduğunu sübut etdi.

 

Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazanıb.