SƏBİNƏ 3 QAT AVROPA ÇEMPİONU OLDU: YAÇ-2017
ESTAFET/ Xəbər verdiyimiz kimi, Kosovonun Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.
Bu gün yığmanın əsas qızıl ümidlərindən olan Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.
Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün 3 qat Avropa çempionu olmaq üçün səhnəyə çıxmışdı və sevindiricidir ki, istəyinə nail ola bildi.
Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirdi və 78 kq-la bu hərəkətdə 2-ci oldu.
Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutdu.
Ancaq toplam 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacarıb və 3-cü Avropa çempionluğunu bayram edib.