Xəzər İsayev AƏOH-un İcraiyyə Komitəsinə üzv seçildi

Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib. Tədbir çərçivəsində AƏOH-un qala mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
Assambleyada qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Qeyd edək ki, Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı tərəfindən Con Barotta mükafatına da layiq görülüb.
