Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

Sərhədçi İdman Mərkəzində Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib. Bu yarışda 40 komandadan 360 idmançı bacarığını göstərib.

Yekunda 8 qızıl, 6 gümüş, 3 bürünc medal qazanan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirmələri 1-ci yerə sahib olublar. Aslan idman klubu 2-ci, Naxçıvan İdman Klubu 3-cü olub.

DİN İC-nin titullu idmançılarından WAKO üzrə dünya və Avropa çempionu olan Ramal Zeynallı (60 kq) , 2 qat dünya kubokunun sahibi və Avropa çempionu Əli Mayılzadə (57 kq) ,Dünya kubokunun sahibi Sadiq Abdullayev (71 kq) və Əli Əkbər (91+) qızıl medal qazanıblar.

Kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın, DİN-in İdman Cəmiyyətinin kikboksinq bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev təəssüratlarını bölüşüb: "Çətin və maraqlı yarış oldu. Bu qələbə çəkilən zəhmətin bəhrəsidir. Azərbaycan Kikboksinq Federasiyasına təşəkkür edirəm. Bütün idmançılarımızı isə təbrik edirəm. İyunun 12-dən 15-dək Macarıstanın paytaxtı Budapeştə təşkil olunacaq Dünya Kubokunda Avropa və Dünya çempionu Rafiq Babazadənin də uğurla çıxış edərək vətənə medalla qayıdacağına ümid edirəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV