“Formula-1”: İspaniya Qran-prisi ilə mövsümün doqquzuncu turuna start verilir

Cümə günü “Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün doqquzuncu turu – İspaniya Qran-prisi start götürür. Mövsümün bu mərhələsi Barselonada yerləşən “Barselona-Katalunya” avtodromunda keçiriləcək.

“McLaren” komandasının pilotu, britaniyalı Lando Norris mövsümə zəif başlasa da, artıq sabit nəticələr göstərməyə başlayıb. O, Monako Qran-prisində həm sıralanma turunda, həm də əsas yarışda birinci yeri tutaraq parlaq çıxış nümayiş etdirib. Hazırda fərdi hesabda komanda yoldaşı Oskar Piastridən cəmi 3 xal geri qalır. Çempionat cədvəlinə başçılıq edən “Red Bull” pilotu, dördqat dünya çempionu Maks Ferstappen isə “McLaren” pilotlarının rəqabətindən maksimum yararlanmağa çalışır. Niderlandlı sürücü liderlə 25 xal fərqlə mübarizəni davam etdirir.

“Barselona-Katalunya” trası 1991-ci ildən bəri Formula-1 çempionatına ev sahibliyi edir. Tras ispan memar Luis Peres-Sala tərəfindən hazırlanmış layihə əsasında Avropa avtoidman ənənələrinə əsasən inşa olunub. 16 döngədən ibarət olan trasa 7 sola, 9 isə sağa döngə daxildir. Başlanğıc düzü 1047 metr uzunluğundadır və bu, trasın ən uzun və yüksək sürətli hissəsi sayılır.

İspaniya Qran-prisində ən çox qələbə qazanan pilotlar hərəyə 6 dəfə yarışın qalibi olmuş Mixael Şumaxer və Lüis Həmiltondur. Hazırkı pilotlar arasında isə Maks Ferstappen (2016, 2022, 2023, 2024) və Fernando Alonso (2006, 2013) Barselonada fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV