İNTİZAM KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının VI turunun "Qarabağ" - "Sumqayıt" matçının 88-ci dəqiqəsində "Qarabağ" klubunun 8 №-li futbolçusu Markos Madera ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının VI turunun "Zirə" - "İnter" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 88-ci dəqiqəsində "İnter" klubunun 22 №-li futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyun başa çatdıqdan sonra "İnter" klubunun məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.4).
Topaz Premyer Liqasının VI turunun "Səbail" - "Kəpəz" matçında "Kəpəz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VI turunun "Qəbələ" - "Neftçi" matçı başa çatdıqdan sonra "Qəbələ" klubunun futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib və Stiven Monroz öz komanda yoldaşına əl ilə zərbə endirib.
"Qəbələ" klubu İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir.
"Qəbələ" - "Neftçi" matçı başa çatdıqdan sonra "Qəbələ" klubunun 28 №-li futbolçusu Stiven Monroz aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).