Çimərlik güləşçilərimiz AÇ-də 2 qızıl, 1 bürünc medal qazandı

Bu gün Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmələr (U15, U17) arasında Avropa çempionatı keçirilib.

Qitə birinciliyində ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U17 komandamız təmsil edib.

B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçilərinə – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabıyla qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabıyla üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev  C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradze 1:3 hesabıyla məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panagiotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə revanş almağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.

Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə, bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.

Xatırladaq ki, qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.

Müəllif: Bəhruz MƏMMƏDOV