RƏHMAN YIĞMAYA GÜMÜŞ QAZANDIRDI
ESTAFET/ Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatır. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulmuşdu. Onların arasında bizim yığmanın da üzvləri var idi.
Bu gün onlardan sonuncusu - Rəhman Kazımov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin +94 kq çəki dərəcəsindəki yarışına qatılıb.
Rəhman birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 115 kq nəticə ilə bu hərəkətdə 2-ci olub.
Kazımov təkanla qaldırma hərəkətində 149 kq-ı ram edərək bu hərəkətdə 3-cü pillədə qərarlaşıb.
Toplam 264 kq (115+149) nəticə göstərən atletimiz yekun sıralamada uğur qazanıb və Avropa birinciliyində 2-ci yeri tutaraq gümüş medal qazanıb.