FHN-in İdman-Sağlamlıq Mərkəzində ümumrespublika texniki karate seminarı keçirilib

“26 İyun - Silahlı Qüvvələr Günü” və “23 İyun - Dünya Olimpiya Günü”nə həsr olunmuş tədbirdə 500-dən çox karateçi iştirak edib.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının rəhbərliyi altında “FHN-Budokan” İdman Klubunun təşkilatçılığı ilə “26 İyun - Silahlı Qüvvələr Günü” və “23 İyun – Dünya Olimpiya Günü” münasibətilə ümumrespublika texniki karate seminarı keçirilmişdir. Seminarda respublikamızın müxtəlif bölgələrindən 500-dən çox karateçi və məşqçi iştirak etmişdir.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, ardından Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seminarın açılış çıxışını edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, “Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi”, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev tədbir iştirakçılarını səmimi salamlamış və çıxışının əvvəlində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin seminarda iştirak edən bütün idmançılara, məşqçilərə və təşkilatçılara ünvanladığı xoş arzuları, dərin ehtiram dolu salamlarını və uğur diləklərini çatdırmışdır.
F.Musayev çıxışında bu seminara təsadüfi tarixlərin seçilmədiyini vurğulamışdır:
“Bu gün bizim üçün həm qürurverici, həm də mənalı tarixlərdir. Azərbaycan xalqı bu torpaqların ərazi bütövlüyü uğrunda mübarizə aparan, qəhrəmanlıq göstərən bir millətdir. Bizim güclü ordumuz və onun arxasında sağlam düşüncəli, vətənpərvər gənclər dayanır. Karateçilər də bu gəncliyin öndə gedən nümunələridir.”
Əlavə olaraq, F.Musayev Silahlı Qüvvələr Günü münasibətilə çıxışında vurğulayıb:
“Biz bu seminarı 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edərək bir daha nümayiş etdirmək istəyirik ki, Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Ordumuzun gücü və qüdrəti sayəsində bu gün torpaqlarımız azaddır. Gənclərimizin idmanda, xüsusən də karate kimi döyüş sənətlərində yetişməsi, onların fiziki və mənəvi cəhətdən hazırlıqlı olması deməkdir. Bu isə birbaşa vətənimizin gələcəyinə xidmət edir.”
“Karate təkcə döyüş deyil, ruhun və mənəviyyatın tərbiyəsidir.”
Həmçinin, o bildirib:
“Biz istəyirik ki, hər bir gənc karateçi həm sağlam, həm intizamlı, həm də Vətəninə sadiq bir vətəndaş kimi formalaşsın. Bu seminarlar təkcə texniki hazırlıq deyil, həm də milli ruhun aşılanması baxımından vacibdir.”
Seminar, eyni zamanda “23 İyun - Dünya Olimpiya Günü” çərçivəsində də qeyd olunmuşdur. Bu münasibətlə federasiya rəsmiləri bildiriblər ki, Azərbaycan karateçiləri beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edir, idmanla təkcə medal yox, həm də sülh, dostluq və birlik ideyalarını təbliğ edirlər.
Seminarın sonunda Azərbaycan Karate Federasiyası tərəfindən seminar iştirakçılarına xüsusi iştirakçı sertifikatları təqdim olunmuşdur.
