Azərbaycan futzal millisinin yeni baş məşqçisi müəyyənləşdi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi və fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.
Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviç milli komandanın baş məşqçisi, Aleksey Kudlay isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təsdiqlənib.
Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, 53 yaşlı rusiyalı mütəxəssis Yevgeni Kukseviç bu ilin əvvəlindən etibarən “Araz-Naxçıvan” klubunda baş məşqçi vəzifəsini icra edir. O, beynəlxalq futzal mühitində zəngin təcrübəsi ilə tanınır.
