Azərbaycan basketbolu ağır itki ilə üzləşdi - Vaqif Hacımətov vəfat edib

Azərbaycan basketbolunun canlı tarixindən daha bir səhifə qopdu.
Uzun illərdir Rusiyanın Stavropol şəhərində yaşayan, SSRİ idman ustası, Azərbaycan millisinin sabiq üzvü Vaqif Hacımətov 62 yaşında dünyasını dəyişib. O, uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Vaqif Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alaraq böyük uğura imza atmışdı. Peşəkar karyerası ərzində o, əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunun komandasında, daha sonra isə Rusiyanın “Dinamo” (Stavropol) klubunda çıxış edib. Karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlamış və bu sahədə də idmana töhfələr vermişdi.
Azərbaycan Basketbol Federasiyası mərhumun vəfatı ilə bağlı dərin hüznlə ailəsinə və yaxınlarına başsağlığı verir, Allahdan rəhmət diləyir.
