Gimnastımız Dünya Kubokunun qalibi olub
ESTAFET/ 29-30 sentyabr tarixlərində Portuqaliyada (Lole) baş tutan Dünya Kubokunda batut gimnastikası üzrə yığma komandamızın üzvü Mixail Malkin tamblinq cığırında qələbəyə imza atıb.
20-dən çox ölkənin iştirak etdiyi turnirin təsnifat mərhələsindəki çıxışında gimnastımız hakimlərdən ən yüksək xal alaraq, final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələdə öz proqramını qüsursuz icra edən Mixail bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokunun qızıl medalını əldə edib.
Xatırladaq ki, tamblinqçimiz bu ilin fevral ayında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş medal qazanmışdı. Qarşıda isə onu oktyabrın ilk həftəsində İspaniyada (Valyadolid) keçiriləcək beynəlxalq turnir və Sofiyada baş tutacaq Dünya Yaş Qrupu Yarışları (9-11 noyabr) gözləyir.