"Red Bull" Kristian Hornerlə yollarını ayırdı - Komandanın yeni rəhbəri Loran Mekis oldu

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası rəhbərlikdə mühüm dəyişiklik edib. Britaniyalı mütəxəssis Kristian Horner 20 il sonra komanda rəhbəri vəzifəsindən azad edilib.

Bu barədə "Red Bull"un Mətbuat Xidməti rəsmi məlumat yayıb.

Komandanın yeni rəhbəri postuna daha əvvəl "Red Bull" şirkətinin digər komandası – "Racing Bulls" (əvvəllər AlphaTauri kimi tanınırdı) komandasını idarə edən fransız mütəxəssis Loran Mekis təyin olunub.

Hazırda "Red Bull" komandası Mühəndislər Kubokunda 172 xalla 4-cü yerdə qərarlaşıb. Liderlik isə 460 xalla Britaniyanın "McLaren" komandasına məxsusdur.

Kristian Horner “Red Bull” komandasına 2005-ci ildə – komanda Formula 1-də debüt etdiyi andan rəhbərlik etməyə başlamışdı. Onun rəhbərliyi altında “qırmızı öküzlər”:

- 8 dəfə sürücülər çempionatının qalibi olub,

- 6 dəfə isə komandalar üzrə çempionluğa yüksəlib.

Bu dəyişikliklər komandada yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Müəllif: Natiq NƏSİROV