Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yubileyini qeyd edən veteran atletlər mükafatlandırılıb. Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, 75 yaşını qeyd edən Cəbrayıl Cəbrayılovu və 60 yaşını tamamlayan Azər Hacıxəlilovu təbrik edib. Yubilyarlara AAF rəhbərliyi adından təşəkkürnamə və mükafatlar təqdim olunub.    

Bununla yanaşı 1-ci beynəlxalq kateqoriyalı hakim adına layiq görülən Asif Məlikova lisenziyası təqdim edilib.

Açılış mərasimində daha 2 gənc idmançı mükafatlandırılıb. AAF-ın rəsmi feysbuk səhifəsində keçirilmiş “Ən yaxşı təkan” müsabiqəsində fərqlənən Dəniz Bağırov və Nigar Əliyevaya federasiya tərəfindən hədiyyələr verilib.

Müəllif: Bəhruz MƏMMƏDOV