"RƏQİBİN OYUNUNU YÜKSƏK QİYMƏTLƏNDİRİRƏM": KAREL YAROLİM
ESTAFET/ "Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu". Bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan çexlər 2:1 hesablı qələbə qazanıblar. Matçdan sonra mətbuat konfransı keçirən Yarolim qalibiyyəti şərh edib: "Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim".
Azərbaycan yığması gözlədiyiniz oyunu sərgilədimi?
Müdafiə xəttində gözlədiyim kimi çıxış etdilər. Rəqibin oyununu yüksək qiymətləndirirəm.
Çexiya millisindəki işinizi necə qiymətləndirirsiz?
Bunlar şəxsi nüanslardı. İndi bu barədə danışmaq istəmirəm. Yığmadakı aqibətimi gələcək göstərəcək.
Hazırkı qrup əvvəlki Çexiya yığması üçün çox asan olardı. Amma siz dünya çempionatına vəsiqə əldə edə bilmədiz. Çexiya futbolunda Baroş, Çex və Rositski kimi futbolçuların yerini doldura bilməməyinizin səbəbi nədi?
Komandamızda kifayət qədər dəyişikliklər baş verib. Ostravadakı görüşlə müqayisə etsək, demək olar ki, eyni heyətdi. Sadəcə, bəzi futbolçular arada zədəli olublar. Gələcəkdə yeni oyunçuları da dəvət etmək fikrimiz var.
Bundan əvvəlki 2 matçda Çexiya yığması millimizə qalib gələ bilməmişdi. Bu mənada, Azərbaycan yığmasını məğlub edən ilk çexiyalı məşqçi oldunuz...
Bu haqda düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.
Daridanın oyununu necə qiymətləndirirsiz?
Oyunu Çexiyada təhlil edəcəyik. Ümumilikdə, onun çıxışını kafi qiymətləndirirəm.
Mundialın final mərhələsinə çıxmaq şansınızdan istifadə edə bilmədiniz...
Həmişə daha yaxşı nəticəyə imza atmağa çalışıram. Ostravadakı matçla müqayisədə, bu gün yaxşı oynadıq və qələbə qazandıq. Ən çox ilk ev oyunlarımızda heç-heçə etməyimizə təəssüflənirəm.
Yığmamızın qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubunda çıxış edir. Onun oyununu necə dəyərləndirirsiz və Kamranı milliyə layiq qolkiper sayırsızmı?
Milliyə layiq olub-olmadığını demək istəmirəm. Bunu Azərbaycan yığmasının baş məşqçisi bilər. Onu əvvəlki oyunumuzda görmüşəm. Bundan əlavə, Mlada Boleslav"dakı bir oyunu haqda da eşitmişdim. Deyəsən, həmin görüşü yaxşı keçirməmişdi.
Azərbaycan yığmasının penalti qazandığı epizodda çexiyalı müdafiəçilərin diqqəti sanki yayınmışdı. O epizod haqda fikriniz necədi?
Komanda haqsızlıq hiss edəndə söz-söhbətlər yaranır. Buna baxmayaraq, mən rəqibin vurduğu qola görə şadam. Çünki həmin qolun cavabını vaxtında verdik və qalib gəldik.
Mənbə: APASport