KLUBLARARASI AVROPA ÇEMPİONATI BAŞLAYIR

ESTAFET/ Qitənin şahmat klubları bu dəfə Antalyada (Türkiyə) toplanır. Buna səbəb oktyabrın 7-dən 15-dək davam edəcək klublararası Avropa çempionatıdır.

 

Ötən illərdə olduğu kimi, bu dəfə də Azərbaycan həm kişi, həm qadınların mübarizəsində eyniadlı - "Odlar Yurdu" komandası ilə təmsil olunacaq.  

Kişilərdən ibarət komandamız yenə liderlərsiz mübarizə aparacaq. Belə ki, bu çempionatda Şəhriyar Məmmədyarov (2791) Rusiyanın "Qlobus" komandasının şərəfini qoruyacaqsa, Teymur Rəcəbov (2741) ümumiyyətlə turnirdə iştirak etməyi məqsədəuyğun saymayıb. Digər ölkələrin komandalarının şərəfini qoruyan şahmatçılarımıza gəldikdə, Nicat Məmmədov (2596) və Vüqar Əsədli (2448) Türkiyənin "Genc Akademisyenler Eğitim Kültür ve Araştırmalar" klubunun, Ülvi Sadıqov isə "Karaman Belediyesi Spor" klubunun heyətində yarışacaqlar. 

 

Komandalarımızın tərkibi isə aşağıdakı kimi formalaşdırılıb:

 

KİŞİLƏR: Rauf Məmmədov (2678), Qədir Hüseynov (2647), Eltac Səfərli (2632), Nicat Abbasov (2587), Azər Mirzəyev (2555) və Arkadiy Naydiç (2702).


QADINLAR: 
Gülnar Məmmədova (2385), Ülviyyə Fətəliyeva (2348), Aydan Höccətova (2341), Xanım Balacayeva (2319) və Zeynəb Məmmədyarova (2298). 

 

Kişi şahmatçılarımız 36 klub arasında reytinq sıralamasına görə 6-cı, qadınlarımız isə 12 klub arasında 4-cü sıradadır.