III MDB Oyunları ölkə tarixində ilk dəfə olaraq regionlarda keçiriləcək: Fərid Qayıbov

ESTAFET/ Azərbaycan Respublikasının gənclər və idman naziri, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədr müavini Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb.
Nazir qeyd edib ki, Azərbaycan artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq edib, dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib:
“III MDB Oyunları ölkə tarixində ilk dəfə olaraq regionlarda keçiriləcək. Azərbaycanın yeddi şəhəri qapılarını açmağa, zəngin mədəniyyət, isti qonaqpərvərlik və müasir idman infrastrukturunu göstərməyə hazırdır.
Bu Oyunlar idmanın, iqtisadiyyatın və sosial sahənin inkişaf üçün stimul olacaq, gəncləri ruhlandıracaq, parlaq xatirələr yaradacaq və özündən sonra dəyərli irs - dünya səviyyəli yeni və yenilənmiş idman obyektləri saxlayacaq.
Biz yarışların yüksək səviyyədə təşkil olunması üçün əlimizdən gələni etmişik. Təcrübəli və fədakar komanda lazımi təlimlərdə iştirak edib. Əminəm ki, biz qonaqlar üçün ən yaxşı şəraiti təmin edə biləcəyik və onlar bu yarışlardan tam zövq alacaqlar. Biz birlikdə təkcə Azərbaycanda deyil, bütün dünyada qürur duyulacaq idman bayramı yaradacağıq.
Bütün iştirakçılara parlaq qələbələr, qonaqlara isə xoş təəssüratlar arzulayıram!”
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
