Abbasov Azərbaycan millisinə təyinatından da danışıb

ESTAFET/ “Məncə, AFFA məlumat verib, milli komandamıza rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi. O güvəni də gördüm. Milliyə kömək də lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, komandanı Ukrayna ilə oyuna çıxardıq. Qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır.

Bilirsiz ki, məndən əvvəlki məşqçilərdə də müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odur ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədir. O barədə fikir mübadiləmiz olub, anlaşma da sağlanıb.

Millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Son matçda da futbolçuların istəyinə görə haqq edirdilər ki, yenidən millidə olsunlar. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdır. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdir. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.

Mahir Emreli ilə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda da nəsə problem ola bilər, çətindir, oyun praktikası azdır. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. Klubunda niyə birdən-birə belə qərar verdilər? Çünki "Kayzerslautern" Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü də pis keçirməmişdi. Ona güvənimiz çoxdur. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.

Fransa, Ukrayna və İslandiyaya qarşı oynamaq çox çətindir. Amma inanın ki, bu haqda bir saniyə belə, fikirləşməmişəm. Məni başqa detallar narahat edirdi. Millidə çalışmaq istəyirsənsə, rəqiblər hər zaman güclü olacaq. Qarşıdakı rəqiblərin kim olacağını bilmirik. Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq. Futbolçularım da inanacaq, döyüşəcəyik. Bu dəqiqə ən vacibi savaşmaqdır. Bunu etdikdən sonra neqativlər olmayacaq. İnamlıyam. Qarşımıza qoyulan məqsəd vuruşmaqdır”.

Müəllif: Natiq NƏSİROV