İslamiadaya hazırlığın son mərhələsi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilərimiz intensiv məşqləri davam etdirir.
Qadınlardan ibarət milli U23 dünya çempionatı başa çatdıqdan sonra ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Digər yığmalarımız isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında son hazırlıqları keçir.
Təlim-məşq toplanışında ölkə xaricindən gəlmiş komandalar da iştirak edir. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzairdən olan həmkarlarıyla birgə məşq edir. Bolqarıstan millisinin heyətində son olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.
Sərbəst güləşdə isə daha çox komanda – Azərbaycan, Bəheyn, Qazaxıstan və Əlcəzair İslamiadaya birgə hazırlaşır. Onlar arasında Bəhreyni təmsil edən olimpiya, dünya və 2 qat Asiya çempionu Axmed Tajudinov da var.
Qeyd edək ki, hazırlıq prosesinə noyabrın 14-də yekun vurulacaq. Növbəti gün millilərimiz Ər-Riyada yollanacaq. Xatırladaq ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək.
İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

