İlahə Qədimova FIDE-nin 2026–2027-ci illər üçün ən yüksək kateqoriyalı hakimləri sırasında

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.
FIDE-nin açıqladığı ən yüksək kateqoriyalı hakimlər siyahısında dünyadan 24 ədalət təmsilçisi yer alıb. Bu hakimlərdən 13-ü Avropa ölkələrini təmsil edir. Ən yüksək kateqoriyalı hakimlərin sıralamasında Azərbaycan da var. Ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısında ölkəmizdən İlahə Qədimovanın adı qeyd olunub.
Tanınmış şahmatçı İ. Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdı. Azərbaycan Şahmat Federasiyasının baş katibi olan İlahə Qədimova cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib. FIDE tərəfindən xüsusi kateqoriyada onun adının qeyd olunması Azərbaycan şahmat hakimliyinə verilən yüksək qiymət və edimad sayılır.
Qeyd edək ki, dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdu. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan F.Həsənovun adı bu göstəriciylə ən uzun müddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

