Peşəkar Çövkən Liqasının final qarşılaşmaları - XXII turun son oyunları və mükafatlandırma mərasimi

26 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının final qarşılaşmaları – XXII turun son oyunları və mükafatlandırma mərasimi keçirilmişdir.
Günün açılış görüşündə “Elit” və “Sərhədçi” çövkən komandaları qarşılaşmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Elit” komandası rəqibini 2:1 hesabı ilə məğlub etmişdir. Bu nəticə ilə “Elit” komandası turniri 54 xalla ikinci sırada tamamlamışdır. Liqa boyunca stabil çıxışı ilə fərqlənən “Sərhədçi” komandası isə ümumilikdə topladığı 57 xalla Peşəkar Çövkən Liqasının qalibi olmuşdur. “Polad” çövkən komandası isə 53 xal toplayaraq üçüncü yerin sahibi adını qazanmışdır.
Final oyunlarından sonra mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və vitse-prezident Cavid Abdullayev komandaların heyətlərinə diplomlar, medallar və birinci yerin qalibinə Kubok təqdim etmişlər.
Mərasimin sonunda Federasiyanın İdarə Heyətinin üzvləri qalib komanda ilə birlikdə xatirə fotosu çəkdirmişdir.

